Məqalələr /

Evlilik yalanları

13.04.2012 / Müəllif: İlkin Qasımov / 2048 dəfə baxılıb

Hər bir gənc evlənmək, ailə həyatı qurmaq istəyir. Lakin bununla belə evliliklə bağlı müəyyən qorxular, fobiyalar da var və çox vaxt bunlar insanların seçiminə mənfi təsir göstərir. Bu daha çox xanımlarda müşahidə edilir. Oturuşmuş evlilik “yalan”ları hər birimizə tanışdır və yəqin ki, evlilik ərəfəsində hər kəs bu kimi problemlərlə qarşılaşır. Evliliklə bağlı formalaşmış yalanlara aşağıdakılar nümunə göstərmək olar:

  1. Evlilik sadəcə bir imza deməkdir. Biz bu ifadəni tez-tez eşidirik. Bir çoxları evliliyi yalnız bununla məhdudlaşdırırlar. Evlilik ilk növbətə birgə yaşayış, qarşılıqlı anlaşma və razılaşma deməkdir. Bu insana müsbət şeylər verməklə yanaşı həm də ona məsuliyyətli olmağı, müəyyən şeylərdə qarşındakını özündən çox fikirləşmə hissini aşılayır ki, bu da olduqca yaxşı haldır.
  2. Evlilik romantikanı öldürür. Bəzi xanımlar evləndikdən sonra həyat yoldaşlarını romantik olmamaqda ittiham edirlər. Biz tez-tez onların dillərindən “Həyat yoldaşım evlənmədən öncə çox romantik idi, tez-tez sürprizlər edirdi, amma indi dəyişib” kimi ifadələr eşidirik. Lakin istisnaları çıxmaq şərtilə bu heç də belə deyil. Unutmayın ki, evləndikdən sonra birgə həyatın yaratdığı müəyyən problemlər, çətinliklər meydana çıxır ki, bəylər də daha çox bunlarla məşğul olurlar. Bu baxımdan romantizmə vaxt da azalır.
  3. Evlilik dostlarla əlaqənin kəsilməsi deməkdir. Əslində isə elə deyil. Doğrudur siz dostlarınıza daha az vaxt ayırmalı olursunuz, amma bu sizin münasibətlərinizin kəsilməsi demək deyil. Yəqin ki, dostlarınız da bunu anlayar və sizə haqq verərlər.
  4. Evlilik tək qalmamaq üçün atılan addımdır. Təbii ki, bu belə deyil. Yəqin ki, ətrafınızda evli olsa, da özünü çox tənha hiss edən adamlar və ya evli olmadığı halda xoşbəxt olanlar var. Deməli, evliliyin funksiyası bu deyil. O, tamamilə başqa vəzifəni yerinə yetirir.
  5. Evlilikdə mübahisələr sevginin azaldığını göstərir. Kökündən yanlış fikirdir. Əslində isə məsələ başqa cürdür. Belə ki, sevgili olarkən siz daha az görüşür, daha az ünsiyyətdə olursunuz və nəticədə problemlər də az olur. Lakin birgə həyata başladıqdan sonra mübahisə etməli mövzular yaranır və istər – istəməz mübahisələr çoxalır. Lakin bu qətiyyən sevginin azalması demək deyil.
  6. Evlilik müstəqilliyinizə təhlükədir. Sizcə elədirmi? Məncə yox. Doğrudur, evlilik sizdən bəzi fədakarlıqlar tələb edir, lakin bu heç də azadlığınızın yox olması deyil. Siz evli olarkən belə özünüzü sərbəst və müstəqil hiss edə bilərsiniz.