Məqalələr /

Gəlinlik və bəylik seçərkən ...

13.04.2012 / Müəllif: İlkin Qasımov / 2935 dəfə baxılıb

Hər kəs ən xoşbəxt günü hesab etdiyi toyunda maksimum dərəcədə gözəl, yaraşıqlı görünmək istəyər. Lakin bir çox hallarda bu onların istədiyi kimi alınmır. Xüsusilə uğursuz  gəlinlik və bəylik seçimi toyun ümumi ab-havasına mənfi təsir göstərir, tərəflərin xoşbəxtliyinə kölgə salır. Məhz buna görə də gəlinlik və bəylik seçərkən diqqət etməli olduğunuz bəzi nüanslar var. Mütəxəssislər gəlinlik seçiminə toydan bir neçə ay öncə başlamağı məsləhət görür. Belə ki, siz bir-birindən gözəl modelləri gördükcə fikrinizi  dəyişəcək, gündə bir forma bəyənəcəksiniz. Gəlinlik seçməyə gedərkən yanınızda az sayda, amma zövqlü adamları aparın. Çox adamın verəcəyi məsləhətlər sizə doğru seçim etməkdə mane ola bilər. Gəlinliyi geyinib baxan zaman xarici görünüşünüzə fikri verin, əks halda siz heç vaxt istədiyinizi tapa bilməyəcəksiniz. Seçim zamanı bədən ölçülərinizə, formasına xüsusi fikir verin. Bu öz müsbət təsirini göstərəcək. Çox dar və ya çox geniş geyimdən qaçmağa çalışın. Xoşunuza gələn gəlinlik əyninizə olmursa və diet saxlamağa qərar vermisinizsə onda elə edin ki, sonda sağlamlığınızdan olmayasınız.

Bəylik seçiminin də özünəməxsus qaydaları var və bunlara əməl etmək lazımdır. İlk növbədə paltarları yoxlayarkən toyda geyinəcəyiniz formada köynək və ayaqqabı geyinin. Belə olsa siz maksimum ahəng yarada bilərsiniz. Bəyliyinizin ümumi görkəminə xələl gətirən hər hansı bir aksessuardan imtina edin, bu sizin xeyrinizədir. Hətta gözəl görünsə belə, həddindən artıq dar və geniş paltarlardan qaçın. Bu sizin normal hərəkətinizə manedir. Əgər paltarı xüsusi olaraq tikdirmək fikrindəsinizsə, bu işə maksimum dərəcədə tez başlamaq lazımdır, əks halda istədiyiniz bəyliyi geyinə bilməyəcəksiniz. Pencək və şalvarın uyğun olması, bəyliyin gəlinliklə eynilik təşkil etməsi də vacib amillərdəndir.