Məqalələr /

İkili münasibətlərdə "olar-olmazlar"

21.04.2012 / Müəllif: İlkin Qasımov / 3810 dəfə baxılıb

Hər bir insan sevdiyi ilə uzunömürlü, xoşbəxt münasibətdə olmaq istəyir. Lakin bəzi cütlüklərdə bu sadəcə bir arzu olaraq qalır. Az qisim insanlar var ki, onların bərabərlikləri sonadək mükəmməl və gözəl formada davam edir. Görəsən, bu cür münasibətlərin sirri nədədir? Bu işdə tərəflərin boynuna hansı öhdəliklər düşür?

  • Müqayisə aparmayın! Məşhur bir ifadədə deyildiyi kimi “İstənilən müqayisə qüsurludur”. Siz sevgilinizi və ya həyat yoldaşınızı səbəb nə olursa – olsun başqa biri ilə müqayisə etdikdə bu qətiyyən qarşı tərəfin xoşuna gəlməyəcək. Nəticədə isə soyuqluq yaranacaq və bu mənfi nəticələrə gətirib çıxaracaq.
  • Qeyri-real xəyallar qurmayın! Əlbəttə ortada sevgi, gözəl münasibət varsa onda mütləq xəyallar, arzular da olacaq. Lakin bunu edərkən “sərhədləri” aşmamaq lazımdır. Əks halda tezliklə sizin münasibətiniz reallıqdan uzaqlaşacaq və bir gün bunu anlayanda çox gec olacaq.
  • Ortaq maraqlar yaradın! Bu olduqca vacibdir. Ola bilməz ki, sizin ikinizin də maraqlandığı, xoşladığı, zövq aldığı nələrsə olmasın. Sadəcə bunları ortaya çıxarmaq lazımdır. Bundan başqa qarşınızdakının maraqlarına da hörmət etməyi bacarmalısınız. Bunları etməsəniz tez-tez “futbol, yoxsa serial” tipli mübahisələrlə tez-tez qarşılaşacaqsınız.
  • Yumor hissinizi artırın. Bu heç də o demək deyil ki, həddindən artıq zarafatcıl olmalı və yerli-yersiz hər şeyə gülməlisiniz. Yaxşı yumor bacarığı hətta ən çətin anlarda belə işə yarayır.
  • Bu kimi münasibətlərdə açıq olmaq, hər şeyi aydın şəkildə ifadə etmək lazımdır. Belə olmazsa arada müəyyən sədlər yarana bilər və tez-tez yalnış anlaşılmalar baş verər.

Yuxarıda qeyd edilənlərlə yanaşı ikili münasibətlərdə tələsməməyə, maksimum dərəcədə səmimi olmağa, qarşınızdakı insana qiymət verməyə xüsusi önəm vermək lazımdır. Bunları etmək qətiyyən çətin deyil və siz də bacarararsınız.