Məqalələr /

İnciklik

08.04.2012 / Müəllif: Aysel Əliyeva / 2311 dəfə baxılıb

Hər kəs həyatında ən azı bir neçə dəfə inciklik hissini yaşayır. Sizi incidənin kim olmasından asılı olmayaraq -  həyat yoldaşı, qonşu, dost, tanış və b. – ona kin saxlamaq, acıqlanmaq mümkündür. Lakin bu inciklik nə qədər davam edə bilər? İncikliyi unutmaq, bağışlamaq lazımdır. Bəs necə?

İnsan inciyəndə onun orqanizmi stress vəziyyətində olur. Bu zaman bütün neqativ emosiyalar insan osixikasına təsir edir. Uzun müddət bu neqativ emosiyaların təsirinə qapılma insanda ciddi xəstəliklərin yaranmasına, yaxud da əsəb pozğunluğuna, yəni nevroza gətirib çıxara bilər. Tədricən insan elə zənn etməyə başlayır ki, incidiyi insanlarla yanaşı digərləri də ona qarşı həmin səhvləri etməyə qadirdir, həyatda sevinc deyilən anlayış yoxdur və s. bu düşüncələrə qapıldıqdan sonra isə ondan yaxa qurtarmaq asanlıqla mümkün olmur.

İnsanlar bir-birilərini əlbəttə ki bilərəkdən incitmirlər. Hətta kiçik dialoq zamanı belə qarşı tərəfi yanlış anlamaqla incimək olar. Bu zaman daxildə baş verən mənfi emosiyalar əslində bizim özümüzə qarşı yönəlmiş olur. Yəni, bu zaman biz əslində qarşı tərəfdən yox, özümüzdən inciyirik, lakin bunu anlamadığımız üçün mənfi  emosiyaların təsirinə düşürük. Həmin mənfi emosiyalar özümüzü haqlı çıxartmaq istəyi ilə birləşdiyi zaman isə bizdə aqressiya formalaşır. Aqressiya daxilə və ətrafa təsir göstərə bilər. Əgər aqressiya ətrafa təsir göstərsə, mütləq mübahisə və ya münaqişəyə səbəb olar. Daxilə, yəni özümüzə təsir göstərdiyi zaman isə inciklik yaratmış olur. Aqressiya daxilə nə qədər çox təsir etsə, incikliyin həddi də bir o qədər artmış olar. Bəs niyə aqressiya daxilə daha çox təsir edir. Çünki biz qarşı tərəfdən öz ünvanımıza eşitdiyimiz söz əslində bizim həqiqətən də özümüzdə mövcud olan həmin xüsusiyyətlə barışmır, onu qəbul etmək istəmirik. Lakin həqiqəti hamıdan yaxşı bildiyimiz üçün gücümüz yalnız özümüzə çatır və incikliyimizi büruzə verməmək üçün ürəyimizdə saxlamağa çalışırıq. Bu da aqressiyanın daxilə təsir etməsinə səbəb olur və inciklik böyüyür.

Bəzən elə insanlar olur ki, biz onların heç zaman heç nədən incimədiklərini düşünürük. Lakin bu, yanlış fikirdir. İnciklik hər kəsdə mövcud olan xüsusiyyətdir. Sadəcə bir qism insanlar var ki, onlar başqalarının fikirlərinə dərin reaksiya vermirlər. Amma unutmaq olmaz ki, hamı kimi onlarda da zəif nöqtələr var.

Bəs incikliyi necə bağışlamalı? Nə üçün incikliyi bağışlamaq çətindir? Sevdiyimiz insanların haqlı sözlərindən incidiyimiz zaman “bağışla” demək bizim üçün çətin olur. Bağışlaya bilmək, və ya üzr istəməyi bacarmaq üçün ilk növbədə öz üzərimizdə işləməliyik. Belə ki, özümüz kimisə incitdiyimiz zaman keçirdiyimiz günahkarlıq hissini xatırlamalı və özümüz bizi incidən insanın yerinə qoymağı bacarmalıyıq. İkincisi, biz nədən incidiyimizi düşünməliyik: bizə deyilən sözdən, yoxsa qarşı tərəfin həqiqətən haqlı olduğundanmı? Əgər qarşı tərəf həqiqətən haqqımızda haqlı irad söyləmişsə, ona incimək əvəzinə öz mənfi cəhətimizi düzəltsək yaxşıdır.