Məqalələr /

Kişi saç düzümünün xarakterə təsiri

21.04.2012 / Müəllif: İlkin Qasımov / 4189 dəfə baxılıb

Amerika alimləri bir neçə il öncə belə bir təcrübə aparmışdılar. Onlar müxtəlif saç düzümünə malik kişilərin xarakterini analiz etmiş və nəticədə maraqlı faktlar üzə çıxmışdı. Sən demə, kişilərin saç düzümü onların xasiyyətlərinin göstəricisidir. Necə?

Alimlərin fikrincə qısa saçlı kişilər iradəcə daha güclüdürlər. Onlar nəfslərinə qalib gələ bilir, daxili istəklərinə nəzarət edirlər. Bu tip kişilər incəsənətdən zövq ala bilmirlər, lakin rəqsi və əyləncəni olduqca çox sevirlər. Çox vaxt onlar inadkarlıqları ilə seçilirlər.

Uzun saçlı kişilərdə vəziyyət fərqlidir. Onlar incəsənət həvəskarları olurlar və daha çox bu sahəyə yönəlirlər. Yəqin ki, siz tez-tez uzun saçlı rəssamlar, aktyorlar, rəqqaslar görürsünüz.  Bundan başqa onlar çox mədəni və nəzakətli olurlar. Bu formalı saç düzümünə malik olanlar daha çox sədaqətli adamlar kimi yadda qalırlar.

Ekspertlərin fikrincə qabarıq saçları olmayan və saç kremindən istifadə edən kişilərə etibar etmək olmaz. Onlar çox vaxt qərarsız olurlar. Bundan başqa ətraflarında az sayda dostları olur. Bu saç düzümünə malik olan kişilər özlərini çətinliyə salmaqdan çəkinirlər və çox vaxt təhqirlərə də gülümsəməklə kifayətlənirlər.

Təmkinli kişilər saçlarını daha çox yana darayırlar. Onlar sabit xarakterə malikdirlər. Bu kişilər elə də macəra sevmirlər və sakit həyata üstünlük verirlər. Onlar müəyyən çərçivələrdə yaşamağı xoşlayırlar və həmişə mülayim, sadə, səmimi olurlar. Buna görə də ətraflarındakılar onları çox istəyirlər.

Saçını ortadan ayıran kişilər yenilik sevən olurlar. Buna görə də tez-tez qalmaqallarla qarşılaşırlar. Üstəlik onlar hazırcavab olur və adətən deyilənlərə elə də əhəmiyyət vermirlər.

Saçını heç ayırmadan arxaya darayanlar enerjili olurlar. Onlar xarici görünüşlərinə elə də fikir vermirlər və təsir altına düşmürlər. Bu kişilərin əsas məşğuliyyətləri kitab oxumaq və incəsənətlə məşğul olmaq olur.

Unutmayın ki, bu sadəcə bir araşdırmadır və həyati qərarlar verərkən yalnız buna etibar etmək olmaz.