Məqalələr /

Müxtəlif ölkələrdə toy adətləri

21.04.2012 / Müəllif: İlkin Qasımov / 3190 dəfə baxılıb

Dünyada minlərlə xalq və etnik qruplar yaşayır. Təbii ki, toy onların hər biri üçün mühüm hadisədir. Lakin onlar bu mərasimi müxtəlif cür keçirirlər. Belə olan halda çoxlu maraqlı adət-ənənələr də yaranır.

Çində oğlanın ailəsi astroloqdan cütlük haqqında məlumat alır. Daha sonra məlumatlar qız evinə də göndərilir.  Gəlin toy günü qırmızı fata taxır və eyni rəngdə ayaqqabı geyinir. Maraqlıdır ki, onlar iyulun 15-i evlənmirlər. Belə ki, bu gün uğursuz gün hesab edilir.

Koreya adətlərinə görə bir cüt taxta ördək yeni evlənənlərin evinə yerləşdirilir. Ördəklər bir-birlərinə baxarlarsa bu yaxşı , əks tərəflərə baxarlarsa pis mənaya gəlir.

Ruandada toydan sonra gəlin bəy evinə gəlir və burada onlar dalaşırlar. Qadın hətta ərini döyür. Gəlin axşam öz evinə gedir və səhəri gün yenidən davalar başlayır. Bu bir neçə gün davam edir və sonda o, bəy evinə köçür. Onlar bundan sonra ailədə heç vaxt dava-dalaş olmadığını iddia edirlər.

Hindistanda  gəlinin geyimi sari adlanır. Bəy və gəlin müqəddəs odun ətrafında dörd dəfə dövrə vururlar və sonra masalarına doğru qaçırlar. Adətə görə kim birinci çatsa evin böyüyü o olur.

Sakit okeanın bir çox adaları öz ekzotik toy ənənələri ilə seçilir. Bu ənənələrdən birinə əsasən bəy və gəlinin paltarları yaşadıqları yerin məhsullarından hazırlanır. Siz tez-tez burada ağac qabığından və ya tut yarpaqlarından  gəlinlik geyinmiş qızlara rast gələ bilərsiniz. 

İsveçrədə gəlin toydan bir gün öncə ailə böyüklərinə ayaqlarını yudurdur. Toyda isə onun ayaqqabılarının içinə xırda pul qoyulur. 

Fransada bəy və gəlin nəsildən-nəsilə keçən badədə şərab içirlər.

Çexiyada bəy və gəlin salona girərkən boşqab qırır və daha sonra bu qırıqları süpürürlər. Bundan başqa yeni evlənənlər toy şorbasını eyni qaşıqdan yeyirlər.

Hollandiyada bəy və gəlin masasının yanında böyük bir ağac olur. Qonaqlar arzularını kağıza yazır və bu ağacdan asırlar. Qız atasının razılığı ilə evlənmirsə ona cehiz verilmir və bütün cehiz onun ən yaxın rəfiqəsinə çatır.

Afrikada bəy və gəlin süpürgə üzərindən hoppanırlar. Pakistanda isə gəlinin ailəsi bəyi imtahan edir. Onlar oğlanı maksimum dərəcədə təhqir edir və bununla soyuqqanlılığını yoxlayırlar.

Türkmənistanda isə gəlinin paltar və qızıllarının çəkisi 36 kq-a qədər olur.