Məqalələr /

Qadın bədən quruluşları

21.04.2012 / Müəllif: Aysel Əliyeva / 5395 dəfə baxılıb

Bildiyimiz kimi qadın bədən quruluşları müxtəlif cür olur, onların bəziləri gözəl və ideal, bəziləri isə çirkin hesab olunur. Qadınlar əsrlər boyu öz bədən quruluşlarına xüsusi önəm vermiş, ideala yaxınlaşmağa çalışmışlar. Lakin sümüklərin quruluşundan asılı olan bədən formalarını dəyişmək həmişə mümkün olmur.

Qadınların bədən quruluşlarını qruplaşdıraraq 4 əsas tipə bölmüş və onlara bədənin formasına uyğun ad vermişlər. Onlarla tanış olaq:

Qum saatı: Bu cür bədən quruluşu ideal və olduqca cazibədar sayılır. Amerikalı tədqiqatçıların hesablamalarına görə yalnız 8% qadınlar bu cür bədən quruluşuna sahibdirlər. Qum saatı formasında olan bədənlərdə çiyinlər və çanaq eyni endə, bel hissə isə nazik və zərif olur. Bu cür bədən quruluşuna sahib qadınlara hər geyim yaraşır, təbii ki dəb yaradıcılarının bir sıra istisnaları da var. Misal üçün, qum saatı formasında bədənə sahib qadınlara torba kimi enli geyimlər geyinmək məsləhət deyil. Onlara hündür dabanlı ayaqqabılarla belinin incəliyini nəzərə çarpdıracaq donlara üstünlük vermələri tövsiyə olunur. Həmçinin cazibədar geyimlər onların ideal bədən ölçülərinin daha çox nəzərə çarpmasına kömək olar.

Armudu: Bu cür bədən quruluşu da əsas diqqət qazanan tiplərdəndir. Armudu bədən quruluşuna sahib qadınların çanaq hissəsi başqa əzalarına nisbətən daha enli olur. Amma qarın hissələrində də enlənmə müşahidə edilir. Odur ki, idmanla məşğul olan armudu bədən quruluşlu qadınlar əsasən bu hissələrə daha çox önəm verirlər. Arıqlama üsullarını ilk olaraq bu əzalara tətbiq etmək lazımdır. Bu cür bədən quruluşlu xanımlar geyim seçərkən çanaq hissələrinin enli olmasını gizlətmək üçün dar köynəklərə, yaxud da yuxarı hissəsi daha dar donlara üstünlük versinlər. 

Düzbucaqlı: Düzbucaqlı formasına sahib qadınların heç bir əzaları daha qabarıq nəzərə çarpmır. Onların bütün bədənləri eyni endə olur. Ona görə də bu bədən forması ölçülərə görə düzbucaqlı adını almışdır. Bu cür bədən quruluşlarında çanaq da çiyinlərlə eyni endə olur və bel hiss edilmir, yəni bel də onlarla eyni endə olduğu üçün düzbucaqlı bədən formasına sahib qadınları incəbel adlandırmaq olmur. İdeal və arzulanan bədən ölçüsü olmayan düzbucaqlı quruluşu gizlətmək üçün düz geyimlər məsləhət olunur. Bitişik geyimlərdən, yəni don və kombinezonlardan uzaq durmaq, əsasən düz köynək və düz ətəklərə üstünlük vermək məsləhətdir.

Üçbucaq: Bu cür bədən quruluşu adından göründüyü kimi üçbucağı xatırladır. Yuxarı hissə, yəni çiyinlər daha enli, çanaq isə kiçik olur. Enli çiyinləri gizlətmək olduqca asandır. Bu zaman məsləhətdir ki, çiyin üzərində heç bir əlavə bəzək və aksessuarı olmayan geyimlərə üstünlük verilsin. Yaxalığı enli olan, sinə üzərində cibləri olan geyimlər enli çiyinli xanımların yuxarı hissəsini daha da enli və kobud göstərər. Üçbucaq bədən quruluşuna sahib xanımlar əsasən çanaq hissələrinə xüsusi fikir veməli, bütün diqqəti bu hissəyə yönəldəcək geyimlər tapmalıdırlar.

Əgər sizin bədən ölçünüz bütün dünya üzrə standart qəbul olunmuş 90-60-90 ilə eyni deyilsə, dərd etməyə dəyməz. İstənilən qadın ideal bədən formasına sahib ola bilər. Bu zaman sadəcə özünüzə vaxt ayırmaq və bədən ölçülərinizə uyğun geyimlər seçməniz kifayətdir.