Məqalələr /

Qadınların kişilərdə sevmədiyi cəhətlər

05.04.2012 / Müəllif: Aysel Əliyeva / 2238 dəfə baxılıb

Qadınlarda bir çox xüsusiyyətlər var ki, kişiləri özlərindən çıxaran. Lakin kişilərin də mələk olduğu söylənilə bilməz. Qadınlar da kişilərin xarakterlərində, xasiyyətlərində, adətlərində olduğu bəzi davranış və hərəkətlərdə nöqsan tapırlar. Onların bəzilərinə nəzər salaq.

Eqoizm - bu cəhət kişilərdə özünü müxtəlif cür göstərə bilər. Ən geniş yayılmış forması kişilərin özlərinə vurğun olmasıdır. Qadınlar güzgüyə baxanda öz qüsurlarını görürlər, kişilər isə tam əksinə, sahib olduqları “gözəllikləri”. Öz yaraşığına və savadına əmin olan kişilər daha da yaxşılaşmaq, yeni nə isə öyrənmək, nə isə bacarmaq arzusunda olmurlar. Onlar dəyişməyi sevmirlər, çünki özlərini məhz bu cür bəyənirlər, özlərində heç bir qüsur görmürlər, amma qarşı tərəfdən, yəni yanlarındakı qadınlardan isə mükəmməl olmağı tələb edirlər.

Kişi eqoizminin başqa bir cəhəti də kollektiv daxilində özünü hamıdan üstün saymaqdır. Heç kimin fikrini dinləməyən, dinlədiyi təqdirdə belə əhəmiyyət verməyən, yalnız öz fikrinin doğruluğuna inanan kişilər eqoizmin ən yüksək həddində olduqlarından xəbərsizdirlər. Bu cür insanlar qadınların nələr düşündüyünü, nələr arzuladıqlarını da bilmək istəməzlər. Onlar üçün önəmli olan yalnız özləridir.

Pintilik. Qadınların əksəriyyəti həyat yoldaşlarının geyimləri (ələxüsus corabları) evin hər küncünə atmasından giley edir. Səliqəsizlik, geyimlərinə qarşı etinasızlıq və öz xarici görkəminə fikir verməmək qadınların kişilərdə pintilik adlandırdığı xüsusiyyətlərdəndir və qadınlar qətiyyən bu cəhəti sevmirlər.

Qısqanclıq. Hər kəsdə müəyyən qədər mövcud olan qısqanclıq hissi əslində düşündüyümüz qədər təhlükəli hiss deyil. Sadəcə onu bir qədər ələ almalı, həddini aşmağa imkan verilməməlidir. Hədsiz və yersiz qısqanclıq sevgidən və etibarsızlıqdan yox, özününküləşdirmək, sahiblənmək istəyindən doğur. Qadınlarda bu cəhət münaqişə ilə özünü göstərsə də, kişilərin əksəriyyəti bu həddə çatdığı zaman qadına zərbə endirməkdən belə çəkinməz.

Xəsislik. Sevgilinə çiçək almaq, hədiyyələr təqdim etmək, onu sevdiyi restorana aparmaq təbii ki, müəyyən zaman sonra tədricən azalır. Lakin bunu madiyyata bağlamaq, qadınların könlünü xoş tutmağa xəsislik etmək, onlarda kişilərə qarşı aqressiya formalaşdırar. Hər gün olmasa, belə ara-sıra bir dəstə çiçək belə qadınları sevindirməyə bəs edər. Sevincli, xoşbəxt qadın isə sakit, söz-söhbətsiz və xoşbəxt ailə deməkdir.

Təbii ki, siyahı yuxarıda qeyd  etdiklərimlə yekunlaşmır. Hələ çox uzun bir siyahı hazırlamaq mümkündür. Lakin düşünürəm ki, qadınlarda da az olmayan qüsurları nəzərə alsaq, bu qədər kifayət edər. Sonda isə qadınlara məsləhətim, əgər kişilər sizdən ötrü dəyişilməyi gözə alırsa, onun qədrini bilin, siz də ona qarşı bir addım atın. Dəyişilməkdən imtina edən kişiləri isə olduğu kimi sevməyi öyrənin. Unutmayın, ideal insan yoxdur. Öz çatışmayan cəhətlərinizi də nəzərə alın və güzəştə getməyi bacarın.