Məqalələr /

Qısqanclıq

08.04.2012 / Müəllif: İlkin Qasımov / 2202 dəfə baxılıb

Elmi izahına nəzər salsaq qısqanclıq - kiminsə və ya hansısa münasibətin itirilməsindən qorxulan, qarmaşıq bir ruhi vəziyyət və mənfi tutumdur. Lakin məsələni o qədər də qəlizləşdirməyə dəyməz. Yəqin ki, hər birimiz bu hissi yaşamışıq. Özünü qısqanclıq qurbanı hesab edənlər də az deyil. Bir çox münasibətlərin və evliliklərin də bitməsində bu hiss öz mənfi rolunu oynayıb. Əksər vaxtlarda isə tərəflər bunun qarşısını almaqda çətinlik çəkirlər. Lakin bu heç də mümkünsüz şey deyil.

İlk öncə siz əks tərəfin sizi qısqanıb-qısqanmadığına əmin olun. Bəlkə də bu heç qısqanclıq deyil. Yox, əgər siz yanılmamısınızsa onda qısqanclığın dərəcəsini aydınlaşdırır. Əgər bu qısqanclıq normal həddədirsə, onda narahat olmağa və hay-küy salmağa dəyməz. Əks halda siz ciddi problemlə üz-üzəsiniz.

Qısqanclığa qarşı mübarizəni onun səbəbini öyrənməkdən başlayın. Bunu maksimum dərəcədə sakit və səbrlə etmək lazımdır. Səbəbi öyrəndikdən sonra bu barədə düşünün və doğru olub-olmadığını araşdırın. Əgər ortada səbəb yoxdursa, tərəf müqabilinizə də izah etməyə çalışın. Bir şeyi unutmayın ki, qısqanclıq sevgidən yaranır və bu sevgini müsbət istiqamətə yönəltmək də olar.  Hər şeyi qarşılıqla anlaşma, söhbət vasitəsilə həll etmək mümkündür. Əgər ortada sizin qısqanılmağınız üçün səbəb varsa, onda dərhal bunu aradan qaldırın və qarşı tərəfə bu barədə hesabat verin . Ümumiyyətlə isə çalışmaq lazımdır ki, münasibətlər bu həddə çatmasın. Qısqanarkən və ya qısqanılarkən hisslərinizi idarə edə bilsəniz xoşbəxtlik həmişə sizinlə olacaq.