Məqalələr /

Uşaqlara "oğurluğu" necə tərgitməli?

13.04.2012 / Müəllif: Aysel Əliyeva / 3049 dəfə baxılıb

Kiçik yaşda uşaqlarının "oğurluğu" ilə qarşılaşan valideynlər haqlı olaraq narahatlıq keçirirlər. Bu necə baş verdi? Nə etməli? Övladı cəzalandırmalımı? Bu kimi suallara cavab tapmaq istəyənlər yazımızı diqqətlə oxusunlar.

Əgər sizin övladınız başqasına məxsus oyuncağı, yaxud ümumiyyətlə hansısa əşyanı icazəsiz götürmüşsə, ilk olaraq nəzərə almaq lazımdır ki, uşaqlar "mənim" və "başqasının" anlayışlarına tam bələd deyillər. Onlar bunu dərk etmək iqtidarında deyillər. Uşaqlar əksər hallarda sahib olmaq istədiyi əşyaları özününküləşdirməyə cəhd edirlər. Yaxud da bəzən öz sevdiklərinə hədiyyə etməyə çalışarkən başqasına məxsus, onların gözündə çox gözəl görünən nəyisə götürə bilərlər. Bəzən də sadəcə incidikləri insandan intiqam almaq üçün ona aid olan əşyanı götürüb gizlədirlər. Kiçik yaşlı uşaqlarda oğurluq halları müşahidə edilərsə, bu zaman ona əşyasını itirmiş insanın nə qədər məyus olduğunu uşaq dili ilə başa salmaq lazımdır. Bu zaman uşağın qəlbinə şəfqət hissi düşər və götürdüyü əşyanı qaytarmaqla bərabər, yenə kiməsə kömək etmək, nəyisə paylaşmaq istəyi yarana bilər.

Uşaqların oğurluq etmələrinin əsas səbəblərindən biri də diqqətsizlikdir. Yəni, ailədə özünə qarşı diqqətsizlik görən uşaqlar özlərinə diqqət çəkmək üçün əksər hallarda bu üsula əl atırlar. Onlar üçün əməlin pis olmağı, danlanmaq, tənbeh olunmaq mühüm olmur. Mühüm olan həmin dəqiqə valideynlərinin bütün başqa problemləri unudub onun yanında olmalarıdır. Odur ki, uşağa bu xüsusiyyəti tərgitməsi və ümumiyyətlə oğurluğa meyl etməməsi üçün onu qayğı və diqqətlə əhatə etmək, ehtiyaclarını öyrənmək, daima yanında olduğunuzu hiss etdirmək çox vacibdir.

Psixoloqların bu barədə rəylərinə əsasən "oğurluq üstündə yaxalanmış" uşağı danlayarkən ona "oğru", "cinayətkar" demək övladınızın gələcək həyatı üçün böyük təhlükə törədir. Valideynindən bu sözləri eşidən uşaqda artıq elə düşüncə formalaşır ki, o pisdir, o mütləq gələcəkdə həbsxanaya düşəcək, ona hamı oğru deyəcək, çünki o doğurdan da oğrudur və s. Təbii ki, bütün bu fikirlər onun psixologiyasına da təsir edəcək və gələcəkdə artıq özünə cinayətkar deməyə öyrəşmiş insan bilərəkdən cinayət törətməyə başlayacaq.

Həmçinin uşağı oğurluğa görə döymək də olmaz. Çünki döyülən uşaq növbəti dəfə bu cəzadan canını qurtarmaq üçün oğurluğu daha sakit, daha gizlin törətməyə çalışacaq ki, sizin gözünüzdən yayınsın. Bu da əlbəttə ki, onun bu işin adətkarına çevrilməsinə səbəb ola bilər.

Uşağa törətdiyi "cinayəti" mütəmadi olaraq xatırlatmaq da onun psixologiyasına mənfi təsir göstərər.

Övladınızın bu əməliylə qarşılaşdığınız zaman təqdir olunan addım onunla söhbət etmək, törətdiyi əməlin nə qədər mənfi hərəkət olduğunu, insanlara məyusluq bəxş etdiyini anlatmaq lazımdır. Bundan sonra oğurluq bir daha müşahidə edilməzsə, nigaranlığa əsas yoxdur, deməli uşaq doğurdan da əvvəlki səhv addımını anlamırmış və onun yenidən bu əməli törətməsi ehtimalı isə çox azdır. Lakin təkrarlandığı təqdirdə isə onu uşaq psixoloquna aparmaq məsləhətdir. Bununla yanaşı uşağa nə qədər etibar etdiyinizi də göstərməyiniz ən vacib şərtdir.